– Nə tez rəngini dəyişdin?
Flaminqo qırmızı, çəhrayı çalarlarla çulğalaşmış qanadlarını növbə ilə süzdü. Qızın onu zəndlə nəzərdən keçirməsini görüb sol qanadı ilə sağ qanadını, sonra da sağ qanadı ilə sol qanadını sığalladı. Bununla da uçub yerə endikdə pırpızlanan tellərini sahmana salmış oldu. Amma qızın ona acıqlı baxışının nədən doğduğunu ayırd edə bilmirdi.
– Özünü harda rənglədin belə?
– Sizin göldə!
Qız ayağa qalxıb quşun ətrafında fırlandıb dilləndi:
– Əgər sən bizim göldən rəng alsaydın o zaman qara olmalıydın.
Uşaq haqlı idi, göldəki balıqlara yem atanda gölün kənarındakı lilə ayaqları batıb qara lehmə olmuşdu.
– Doğru sözümdür, mən sizin gölə enəndə ağappaq idim. Lakin gölə enəndə…
– Gölə enəndə, gölə enəndə… – Qız Flaminqoya imkan vermədi sözünü bitirsin. – Qara lehmədən qırmızı rəngləndiyini kimə desən səni dəli hesab edər.
– Əlbəttə, dəli hesab edər, əgər mənim kimliyimi tanımasa. Sizin göldəki xərçəngləri yedikdən sonra lələklərim öz bənzərsiz rəngini geri qaytardı.
Atanur onun qanadının birindən tutub axıra qədər açıb dedi:
– Hacıleylək, sən məni aldada bilməzsən!
Flaminqo sağ qanadını irəli uzadanda qız qanadın istiqamətində gözlərini fırlatdı. Qəribədir, Hacıleylək elektirik dirəyinin üzərində dimdik durub iki yüz kiloqramlıq yuvasındakı ağac budaqlarını bir-bir dimdiyinə alıb yerlərini dəyişirdi. Onun qoyduğu yerdə rahat oturmayan budağı quş bir də havaya qaldırıb əvvəlki yerinə qoyurdu. Ağac yenə də o yerə uyğunlaşmaq istəməyəndə ağacı başından yuxarı qaldırıb yuvanın içinə buraxırdı. Bununla da budaqdakı əyriliyi rahat təyin edə bilirdi.
Ay aman, bu hacıleyləklər nə vasvası olurmuş!
Quş budağa sağdan-soldan diqqətlə baxdı, görünür ürəyi rahatlıq tapmamışdı. O üzdən havaya qalxıb budağa bir də yuxarıdan aşağı baxdı. Dimdiyinə aldı və yenidən yerə qoydu. Ayaqlayıb onun üstündən bir neçə dəfə keçib getdi. Güman ki, ağacın hamar durmamasına mane olan əyrini bu yolla düzəltmək istəyirdi. Yenə dəmi düzəlməmişdi? Əks halda niyə onun üzərinə ağırlığını salmaq üçün üstündə oturub yırğalanırdı?
Ayağa qalxdı, ağacı başı üzərinə qaldırıb fırlatdı. Vıy-vıy-vıy-vıy edə-edə havada nizamsız rəqs edən ağac gəlib Palfın ağacının yanında yerə mıxlandı. Bəli, düz eşitdiniz! Yerə düşmədi, balaca ting kimi yerə batdı.
Flaminqo Hacıleyləyin hərəkətlərinə istehza ilə gülümsəyirdi. Üzünü qıza tutub Hacıleyləklə özü arasındakı fərqi izah etməyə başladı.
– Bizim fərqimiz yalnız rəngimizdə deyil, birbirimizə bənzəməyən əlamətlərimiz çoxdur. Mən gölün xərçəng qoxuyan, – o burnunu çəkib, dimdiyini bir-birindən araladı. Uzun-uzadı havanı içinə yığıb sinəsini pırpızlandırdı. – Lilli ətrini qoyub, yerdən iyirmi metr hündürlüyündə o nəhənglikdə yuva quracaq qədər axmaq deyiləm. Bu mənim Hacıleyləkdən birinci fərqim. İkincisi, Hacıleylək heç zaman xərçəng yemək xoşbəxtliyinə nail olmayıb.
Flaminqo saydıqca ayaq barmaqlarını birbəbir yumurdu.
Atanur onun ayağına diqqətlə baxıb mızıldandı:
– Güman ki, bu iki quşun bir-birindən cəmi dörd dənə fərqi var.
Çünki quş bir ayağı üstə durmuşdu və adəti üzrə bir ayağını sıxıb gövdəsinə pərçimləmişdi. Lakin Flaminqo bir ayağındakı barmaqlarını sayıb bitirdikdən sonra bədənini silkələdi. O andaca gizlətdiyi ayağı bir göz qırpımında yerə düşdü.
Qız ayağa diqqətlə baxdı, onun nazik çubuğa oxşayan ayağını tənəkdən budanmış budaq hesab etməyində yanlışlıq yox idi. Flaminqonu ilk dəfə görən bütün adamlar kimi o da quşun ayağını quru budaqdan ayıra bilmədi. Üstündən də “Bunlar hamısı qohumdur”, düşündü. Bunlar deyəndə, o, Durna, Hacıleylək və Flaminqonu eyni ailə üzvü sayırdı.
– Hacıleyləklər bütün ömürləri boyu yalnız bir rəngdə olurlar, mən isə, – o yerə endirdiyi ayağının bir barmağını dimdikləyib bükdü, – ağdan çəhrayıya keçirəm. İstəsəm çəhrayını qatı rənglə rəngləyim, ona da asanlıqla nail oluram. Yetər ki, fərasətim çatsın lilli göl tapım. Yox, əgər qırmızı rəngdən yoruldum, o zaman başımı rəqs etməyə qatiram.
Quş torpağı dimdiklədi, qanadlarını açıb havaladı, sonra asta-asta havaya qalxıb özünü yerə vurdu. Bu zaman bükülü barmaqlarının hamısı açıldı. Hacıleyləkdən fərqli və üstün cəhətləri yoxa çıxmış oldu.
Bir də havaya qalxdı, günəşin altında pər vuran əlvan qanadlarını tam açdı. Qanadındakı lələklər aralandı, sanki onları qızın sayması üçün bir-birindən ayırırdı.
Flaminqonun itməsi qızda heç bir təəssüf oyatmadı, çünki onun mənəm-mənəm deyib özünü öyməsi bu qısa müddətdə qızı artıq bezdirmişdi.
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle