Bir az öncə Varren Zimmermannın gətirdiyi məktubu İmam Xomeyni acgözlüklə qoxlayıb: Ağ Evin plan B-sindən türk iyi gəlir!” – Bağırdı.
Yəzdi dini ağanı təlqin etdi, sadəcə, ciyərlərinə Parisin sərin payız havası doldu. O dərk etmədi ki, Xomeyni kimi məktubun iyini duymaq üçün həkim yox, siyasətçi olmaq lazım idi.
“Üç vəd, üç tələb” kitabından
“İmam Xomeyni Nuhun səsi, İbrahimin əbası, Musanın əsası, İsanın səmimiyyəti, Məhəmmədin kitabı ilə gəlir. O, laləlikləri keçəcək və insan azad- lığını car çəkəcək” – İran islam inqilabı ərəfəsində milliyyətcə fars olan tanınmış jurnalist Hacəsgər Seyidcavadinin “Combeş” adlı qəzetdə imam Xomeyniyə həsr etdiyi məqalədən sitat olduğu şüarın sol küncündə balaca hərflərlə qeyd edilmişdi. Fatma yazılanları film kimi təsəvvüründə canlandıranda romantik alınırdı, bircə Nuhun səsini bu qısametrajlı filmdə yerləşdirmək müşkül idi.
“İnqilabın travması” kitabından
– Dəryaya can atırdı, uzağa üzəcəkdi... qəfil tora düşdü, – o, xalça üzərindəki canamazını bükə-bükə izahatını davam etdirdi: – mənzilinə yetmədi. Bu dünyada yeyilməyib, öz əcəli ilə ölən kiçik balıqlar azdır. Hər kəs onların izindədir... Ya yeyərlər, ya da öz mənfəətləri üçün istifadə edərlər.
– Ata...
– Kimsə onlara imkan verməz öz istədikləri kimi həyatlarını yaşayalar.
– Ata...
– Onları idarə edərlər... – Fatma ikiəlli atasını tutub silkələyəndə, – qızım, həyat dediyimiz bu!
Qızın əli boşaldı, atasının qollarını buraxıb, asta addımlarla gedib pəncərə önündəki akvariumun qarşısında diz çökdü.
– Nə zaman oldu bu?
– Bu səhər xoruzun ilk banında. Sübh azanı oxunandan dərhal sonra edam ediblər.
– Demək, səhər yuxudaykən tutublar...
– Yox, axşam məktəbdən qayıdanda tutublar, yoldan... Evindən yox. Amma edamı səhər icra ediblər...
– Əlirza Şükrü Əfşar ağa yaxşı adam idi, nədən ona qıydılar ki?
– Böyük dəryadakı akulalar xırda balıqları udmasalar, özləri məhv olarlar.
– Ac qalmamaq üçün yeyirlər...
– Yox, qızım, yox... dəryada rahat üzmək üçün.
– Ata, axı dərya böyükdür, Qara balıqlarsa bapbalaca. – Fatma çeçələ barmağını havaya qaldırıb, diqqətlə onu süzdü, – onlar akula kimi nəhəngə necə mane olurlar?
– Qızım Qara balıqların sayı çoxalanda, kütləviləşəndə, akulalarda paxıllıq hissi yaranır. Bilirsən, niyə?
– Niyə?
– Akulaların sayı az olur, Qara Balıqlardasa doğub-törəmə qabiliyyəti güclüdür.
“İnqilabın travması” kitabından
– Hııı... Yaz.., yox, bir az gözlə! – İmam otaqda gəzişə-gəzişə fikrə gedib, – Amerika ilə birgə hərəkət etməyə ona görə üstünlük verirəm ki, Sovet və Britaniyanın İrana qarşı təsirlərinin qarşısını almaq bizim üçün asan olsun.
– Ağa bunu Kennediyə də yazmışdı...
İmam Yəzdiyə doğru çevrildikdə, yalnız bunu əlavə etdi:
– Min doqquz yüz altmış üçüncü ildə! Bilirsən, bu nəyi göstərir? – İmam inqilab poçtalyonundan cavab gözləyirdi, o isə izahatını tapa bilmədiyindən qələmi əlindən buraxmadan inqilab müəllifinin ağzına baxırdı.
– Mən istər azadlıqda, istərsə də zindanda olum, fərq etməz, dostu ma sadiq oluram.
İmam Xomeyninin on beş illik siyasi yolunun Yəzdi aləmində izahı belə idi: yox, qoca, hər iki durumda eyni qoltuğa sığınırsan, sənin siyasə tin “əgər fil dəvədən böyükdürsə, o zaman axmaqlıq deyilmi dəvə üzə rindən iş görəsən” prinsipinə əsaslanır! O, yaxşı xatırlayırdı, min doqquz yüz altmış üçüncü ildə zindana imamı ziyarətə getdikdə, hələ ayətullah elan edilməyib, sıravi molla olan Xomeyni məktubu ona əlbəəl verib:
– Get, o kafirlərin dilinə çevir, təcili yola sal! – öz əsgərinə əmr edən bir komandir kimi Yəzdiyə göstəriş vermişdi.
“Üç vəd, üç tələb” kitabından
– Nədən ərdəbilli Musəvi?
– Ağa, Musəvi Ərdəbili!
– Sən heç düşünmədin, nədən bu amerikalılar tilova Ərdəbil mollasını keçiriblər?
– Ağa sağ olsun, mən bu işin incəliyinə varmamış...
İmam Yəzdinin ağzından vurub, od püskürdü:
– Mən bu işdə Türkiyənin əli olduğunu görürəm! Səkkiz yüz il İran taxtında türk oturub idarə etdi, əllərinə fürsət düşmüşkən, yenidən İranı türkə verməyə cəhd etməsinlər? – o, ildırım sürəti ilə Yəzdinin qabağına yüyürüb, havanı iylədi: – Burnuma türk iyi gəlir!
– Ağa, türkün iyi xüsusidirmi?
– Hə, Amerikanın B planında məhz o iy durur, hakimiyyət ehtirası, ingilislə gizlin saziş... İngilislər Rza Pəhləvini hakimiyyətə gətirəndə kim idi narahat olan? Türkiyə! Atatürk Xarici İşlər naziri Tofiq Rüşdünü Parisə göndərmədimi?
“Üç vəd, üç tələb” kitabından
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle