Yurdun sənədi kağızdan yox, daşdan olmalıdır!
(Eluca Atalının ”Yurd daşı” romanı ilə bağlı Barınajans sitəsinin yazarı Hasan Barının müəlliflə hazırladığı reportaj)
Hasan Barın: Eluca xanım, reportajın başında bunu söyləməkdən vaz keçməyəcəm. Çapa hazırladığınız kitabınızı siz və çapa məsulları nəzərə almasaq, İsveçdən mail yoluyla göndərməyiniz nəticəsində ilk oxuyan oxucu mən oldum. Çap olunacaq kitabınızla bağlı ilk reportajı Barınajansa və şəxsimə vermənizdən dolayı qürurlandığımı bildirmək istərdim. Bu üzdən sizlərə təşəkkür edirəm.
İcazənizlə suallarıma keçmək istərdim.
Eluca Atalı: Barınajansa və şəxsən sizə əziz dostum təşəkkür edirəm yeni kitabımı tanıtmaq fürsətini mənə verdiyiniz üçün.
Hasan Barın: ”Yurd daşı” romanınızı oxudum, Qərbi Azərbaycanla bağlı böyük bir tarixi bədiyyat vasitəsi ilə təsvir etmisiniz. Əsəri yazmaq ehtiyacı nədən doğdu?
Eluca Atalı: Soyqırımla bağlı bildiyim və eşitdiyim gerçəkləri bildirmək istəyimdən doğdu bu əsər. Əslində bir hekayə yazmağı düşünürdüm, amma mövzu o qədər geniş idi ki, onu sistemləşdirərkən roman alındı. Həm də bilirsiniz, yazan zaman insan sanki öz içini vərəq-vərəq oxuyur, öz içində yol gedir. Yazıçı yalnız tarixi faktları aşkarlayıb yazmır, tarixə fakt kimi baxmaq tarixçinin işidir, yazıçı tarixə fəhmin gözü ilə baxır. Fəhm insanı dərinə aparır, bu baxımdan yazıçının hadisələri üzdən təsvir etməyə haqqı yoxdur. O gerçəyin mahiyyətində, bətnində gəzdirdiyi həqiqəti görməli, duymalı və bədiyyatda verməlidir. Qərbi Azərbaycanda bizim eramızdan da çox-çox əvvəllərə gedib çıxan məzar daşlarımız, qəbirlərimiz var. Bu daşlar bizə köçəri deyən, bu yurdun həqiqi sakini olmadığımızı sübut etmək istəyənlərə ən tutarlı cavabdır. Köçərinin ölüsü harda ölsə, orda da basdırar, lakin Qərbi Azərbaycanda neçə nəsil ardıbaarddan eyni torpaqda basdırılıb. Romanda bu daşların mahiyyətini açmağa çalışdım.
Hasan Barın: Bu baxımdan kitabın adı tam yerinə düşür: ”Yurd daşı!”
Eluca Atalı: Razıyam, doğrudu. Kağız azca sudan nəm çəkib korlana bilər və ya asanlıqla cırıb atmaq olar. Amma daşdan yaradılmış hər hansı abidə, ev və ya məzar olsun, bu yurdun sənədi ola bilər. Əsərin verdiyi mesaj məhz budur. Qərbi Azərbaycanda olan saysız-hesabsız abidələr, totonimlər, yer adları yurdun təsdiqidir, kimə məxsusluğunu bununla sübut etmək mümkündür.
Yurdun sənədi daşdan olmalıdır, kağızdan yox! Daşı yerindən tərpətmək hünər tələb edir. Qərbi Azərbaycanda yer-yurd adlarını dəyişsələr belə, ordakı tarixi abidələr hələ də yaddaşlarda qalır. Çünki daşdandır!
Hasan Barın: Südəmər körpənin dağın başında basdırılması və sonra qarğanın bozqurda o məzarı açdırması səhnələrini oxuyanda göz yaşıma hakim ola bilmədim. Bir ailədən nənə, ana və qızın öldürülməsi acınacaqlı haldı.
Eluca Atalı: Acınacaqlıdır, amma təəssüf ki, gerçəkdir. Bzi bunu bir dəfə yox, dəfələrlə yaşamışıq Azərbaycan xalqı olaraq. 1905-1920, 1948-1953, 1988-1992-ci illər və yalnız Qərbi Azərbaycan yox, bütün Azərbaycan üzrə bu soyqırım baş verib. Nədən? Bir neçə səbəb var. Birincisi, tarixdən dərs almırıq. Adını unutduğum bir rejissorun fikri var, deyir: ”Tarix bir əsəri iki dəfə səhnəyə qoyur. Bir dəfə komediya, bir dəfə də faciə formasında. Birinci dəfə komediya kimi oynadığı əsəri sonra faciəyə çevirə bilər və ya komediya ilə faciənin yerini dəyişə bilər.” Azərbaycan tarix səhnəsindəki bütün əsərlər təkrar-təkrar oynanılır, hamısı da qanlı şəkildə, çünki hər dəfə faciə biçimində səhnələşdirilir. Bir qədər obrazlı dedim, nəzərə alarsınız bu yazıçı açıqlamasıdır. Təbii qarşılayarsınız.
Romanı yazmaq bu iddiadan doğdu, oxuyanlar yurdumuzda baş verənləri bilsinlər. 70 il sovet imperiyasının daxilində olduğumuzdan həqiqi tariximizdən xəbərsiz olduq, çünki həqiqi tarixi yamağa izin verilmirdi. Siz, sovet imperiyası nə deyən şeydi bilmirsiniz. Hər şey ideologiyaya uyğun olmalı idi. Bizim soyqırımsa mövcud ideologiyanın çərçivəsindən qırağa çıxırdı. Əsərdə yazdıqlarımı da şəxsi təşəbbüsümlə araşdırıb öyrəndim, amma əslində bunu biz ilk məktəbə getdiyimiz günlərdən öyrədilməli idik. Çünki VƏTƏN tarixidir!
Hasan Barın: Andranik Anadoludan Naxçıvana, ordan da Qərbi Azərbaycana üz tutur. Kazım Qarabəkir Paşanın komandanlığı altında türk əsgərinin Haqqıxlıya gəlməsi ilə o dağda mağarada gizlənir. ”Nalşəkilli mühasirə” kitabınızda Andranikin türklərdən gizlənməsini bir qədər də komik biçimdə göstərmişdiniz. Yeni əsərinizin ”Ayı mağarasında ”Böyük Ermənistan” təlaşı” hekayətində Andranikin keçirtdiyi qorxu daha dərindir.
Eluca Atalı: Sizin sualınıza cavab verməmişdən öncə bunu demək istərdim, vurğulanmayan bir acı həqiqətdir. 1980-ci illərin əvvəllərində biz orta məktəbdə oxuyanda qaraüzlü Azərbaycan tarixi kitabı vardı, həm də fətir kimi nazik. Kitabın nazikliyi bizə ilk baxışdan əxz edirdi ”tariximiz çox kiçikdir”. Bu kitab psixologiyasında xüsusi haldır, kitabın görkəmi, üz qapağı oxucuda ilk təsüratı yaradır. Yadımdadır, tarix dərs proqramında Azərbaycan tarixinə yalnız 4 saat yer ayrılmışdı. Tarix dərsini çox sevirdim, müəllimə dedim: ”Bunun hamısını nə vaxt keçəcəyik?” Dedi: ”Keçmək lazım deyil, qəbul imtahanına düşmür.” O kitabda belə bir cümlə vardı: ”Qafqaz Türk İslam ordusu 1918-ci ildə Azərbaycanı işğal etdi, 1920-ci ildə XI Qırmızı Ordu (əslində qırmızı ordudur, bizim imperiya ideologiyasına xidmət edən tarixçilərimiz qırmızını qızıl etmişdilər!) Azərbaycana girib onu işğaldan azad etdi.” Bu beyinyuma əməliyyatı idi, bizi türkə qarşı belə manqurtlaşdırırdılar.
Sizin sualınıza qəsdən ətraflı cavab verirəm ki, uşaq ikən beyni yuyulmuş bir adamın ”Yurd daşı” kimi bir romanı yazmasının hansı iddiadan doğduğunu tam anlayasınız. Keçək sizin sualınıza. Andranik obrazını iki dəfə canlandırmışam, amma obrazda mahiyyət etibarı ilə fərqli çalarlar yoxdur, çünki o məndən ötəri cildini məqama görə, düşdüyü şəraitə görə dəyişsə də, daşnak kimliyini içində daim gəzdrib. ”Nalşəkilli mühasirə” kitabında bu obraza gülə bilərsiniz, türk əsgəri Naxçıvana girəndə qara çadraya bürünüb meydandan qaçır və öz xislətinə uyğun olaraq Satinik adlı erməni qızını ortaya xilaskar kimi atır. O yaxşı bilir, türk qadına əl qaldırmaz. ”Yurd daşı” kitabında isə qərar tutduğu qaranlıq ayı mağarasında xülyasında olduğu ”Böyük Ermənistan” xəritəsi ilə birgə gizlənib və növbəti soyqırımın planını hazırlayır. Hər iki səhnə ikrah doğurur. Burdakı Andranik obrazının verdiyi mesaj: erməni ölər, amma kor iddiasından əl çəkməz!
Hasan Barın: ”Torpaq və toxum dostluğu” rus və erməni işbirliyinə verdiyiniz addır. Qərbi Azərbaycanda bu dostluq ermənilərə xeyir verdimi?
Eluca Atalı: ”Torpaq və toxum dostluğu”nun kökü daha əvvələ gedir və nə heyf ki, qədim türk torpaqlarına sahiblənmək üzərində qurulub.
1552-ci ildə Qazan xanlığının – Kazanın alınması tarixi, işğalı ilə başlayır. O zamankı rus çarı IV İvan Qrozni, tarixdə isə onun qazandığı ləqəb ”Qorxunc İvan” idi. Ruslar Qazanın üzərinə dəfələrlə hücum edib ala bilmirdi, baxmayaraq, o, 150 minlik ordu ilə tatarların üzərinə yürümüşdü, tatarlarsa 30 min nəfər idi. Paytaxtı ələ keçirə bilməyəndə erməni tacirləri ruslarla gizlin sazişə girirlər: Şəhərin müdafiəsinin zəif tərəfini sizə bildirməyə hazırıq, deyib, amma əvəzində qızıl istəyirlər. Rusiya tərəfi bu şərtə razı olur, şəhər işğal olunur və bu münasibətlə qurulmuş ziyafətə həmin erməni tacirləri dəvət olunub mükafatlarını alırlar. Lakin bu zaman İvan Qroznu deyir: ”Əgər bir millət ki, öz yaşadığı şəhəri satırsa, bizləri də çox rahat sata bilərlər.” Xəyanətin mükafatı ağır olur, həmin tacirlərin yerindəcə boyunları vurulur, lakin mükafat bununla bitmir. ”Rusların tutduğu torpaqlara ermənilər qeyri-şərtsiz yerləşə bilər töycü, vergi vermədən” kimi gizlin ermeni-rus sazişi olur. Bu sazişə 1828-ci il Türkmənçay müqaviləsində də əməl edilir. 1804-cü il Rus-İran müharibəsi başlanan zaman ermənilər ”siz tərəfdən türklərə qarşı vuruşmağa hazırıq, bir şərtlə ki, bizə torpaq verəcəksiniz, deyirlər. Rus çarı buna razı olur, çünki İranın içində yaşayan ermənilərin xəyanəti möhkəm yun parçanı güvə içindən yeyib dağıtdığı kimi, rusa da belə bir güvə lazım idi. 1828-ci il 10 fevral İran və Rusiya arasında ”Sülh və dostluq naminə”adlı bədnam Türkmənçay müvaqiləsi bağlandı. Əslində müqavilənin adı belə yalan idi, çünki siyasətdə dostluq olmur. Siyasət məhəbbət yox, mənfəət üzərində qurulur. Mənfəət olan yerdə dostluqdan söz gedə bilməz. Dostluq – təmənnasızlığa əsaslanır.
Bu başabəla, bizim Vətənimiz üçün ağır şərtlərlə nəticələnən ”sülh” müqaviləsi nəticəsində Azərbaycan ikiyə şaqqalananda Naxçıvan və İrəvan xanlıqları ləğv olunub əvəzində yeni İrəvan quberniyası yarandı, idarəçiliyi ermənilərə verildi. Ermənilər İrəvanın üzərində kosmetik dəyişiklik etməklə – i hərfini y ilə əvəzləyib, İrəvanı Yrevan etdilər. Ermənilər İrandan kütləvi şəkildə İrəvan, Naxçıvan və Qarabağa köçürüldülər.
”Torpaq və toxum dostluğu”nun davamı olaraq 1914-cü ildə Anadoluya rus qoşunu hücüm edən zaman rus çarı II Nikolay həmin il 20 dekabrda Anadoluya gəlib ordunun vəziyyətini yoxlayır. Rus çarının dincəlməsi üçün cəmi 15 dəqiqə zamanı vardı, həmin an erməni keşişi katalikos V Gevorg fürsətdən istifadə edib qərargaha girir. ”Türklərlə savaşda sizlərə yardım edərik, bir şərtlə, Anadoludan 6 vilayəti bizə verməlisiniz” deyir. Çar razılaşır. Bu haqda ”Nalşəkilli mühasirə” əsərimdə geniş vermişəm. Lakin Rusiya daxilində 1917-ci ilin fevralında yaranan ikihakimiyyətlilik dövrü başlayanda çar taxtı laxlamağa başlayır. Çar rus qoşununu hakimiyyəti qorumaq üçün geri çağırır, ordunun bir hissəsini və silahları Andranikə verib Naxçıvana göndərir Rusiyanın Cənubi Qafqaz siyasətinə xidmət etmək üçün. ”Toxum” cücərmək üçün Anadoludan ala bilmədiyi ”torpaq” payını və həm də bu dəfə dövlət qurmaq iddiasını Azərbaycanda yerinə yetirmk istəyirdi. Buna da 1918-ci ildə soyqırım törədərək nail oldu.
(ardı var)
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle