Köşe Yazısı 19 Mayıs 2026 03:00

Süd qoxulu məzar

Eluca Atali
Yazar Eluca Atali

("Yurd daşı" romanından)

Qarğanın qar-quru qartalın beyin hüceyrələrində nizamsız rəqs edirdi, səbrli quş bunun nəylə bitəcəyini öyrənməyə cəhd etdiyi an "gözləməyə dəyər" qərarı ilə hərəkətsiz qaldı. Qarğa qar-qar səsini üç dəfə aramsız boğazının dərinliyində qaynadıb havaya buraxır, ani fasilədən sonra üç dəfə təkrarladığı eyni səsin sonunda ğ səsini gücləndirirdi. Qartalın ümidini artıran məhz bu ğ səsi idi. Qarğa ğ-ları artırır, susduğu an ətrafa göz atır və gözlərini dairəvi fırladıb durduğu küknarın təpəsində ağacdan ayrılmadan yer dəyişmə edirdi. Çünki Dombadaş ətrafındakı ən uca ağac bu idi, o bu həndəvərdə hara qonsaydı ətrafı bu qədər yaxşı seyr edə bilməzdi. "Bir az da bağır, gözlədiyin tapılacaq!" – qartal yuvasından tərpənmədən qarğanın hərəkətlərinə haqq verdi. "Axmaq deyil qara qız, dünəndən nişanladığı yemi əldən çıxartsın".

   Qurd ulaması onun səsinə verilmiş haray idi, bu səsin hardan gəldiyi bilinirdi, sahibi isə görünmürdü. Hər halda qartal onu görə bilmirdi, lakin onun tezliklə hadisə yerində qara qızın əmrində müntəzir olacağına şübhəsi yox idi. Qara qız havaya qalxdı, cəld də əvvəlki yerinə döndü. Havaya qalxması ilə qartal məyus olmuşdu, bəlkə ovdan əl çəkib deyə. Onun havada çox qalmayıb, qanadlarını belə geniş açmayıb yenidən ağacın başına enməsi qartalın ümidlərini göyərtdi. Qarğa bir neçə dəfə bu hərəkəti təkrarladıqda qartal anladı ki, qara qız nişanladığı yemdən əl çəkməyib, sadəcə, yardımçısının tapılmasına sevinir və onun azca ayaqlarını qaldırıb qanadlarını havalandırması sevincin ifadəsi olmaqla yanaşı köməkçisinə öz yerini bəlli etməkdən ötrüdür. Qurd qaçış sürətini artırmışdı, budur artıq daşların üzərindən hoppana-hoppana Dombadaşın təpəsinə sarı gəlirdi. Qarğa qar etdikdə bu dəfə heç bir söz ifadə etməyən "qar" səsinin axırında r hərfini boğazı imkan verdikcə uzatdı. Elə o andaca dərk etdi ki, ovun üzə çıxmasına dəqiqələr qalıb və məhz bu dəqiqələr idi ki, qartalın dənliyindən şirə boğazına, ordan da dimdiyinin ucuna gəldi yem gördükdə yaranan şərti refleks olaraq. 

     Qurda yemin yerini göstərməyə lüzum yox idi, o iyi özü almışdı və bu iy ət qoxusundan çox süd qoxuyurdu. Güman ki, buna görə də heyvan birbaşa yemin olduğu məkana can atmadı, havanı iylədi, burnu onu aldada bilməzdi. Yox, yox, qara qız onu çaşdıra bilməzdi, o illərin ovçusu idi. Başını havaya tutub burun pərlərini geniş açdı, qoxu onu razı salmırdı, amma qarğanın canfəşanlığı onu vadar edirdi süd qoxuyan torpağı eşsin. Quş ağacdan enmişdi, bir gün əvvəl eşilmiş torpaq üzərində durmadan dövrə vurur, hərdən bir də havadan asılı qalıb yerin tam doğruluğunu qurd üçün təyin edirdi. 

   Qarğalar çalınan yem siqnalının təbilini eşidib Dombadaşa sarı bir neçə istiqamətdə yön aldılar. Qartal yuvasından qanadlarını açdı, qəhvəyi daş forması bununla dağılmış oldu, uçmağınsa zamanı deyildi. Tələskənlik onu geri sala bilərdi. Qarğanın səsinə səs vermək istəyi ilə yol qət edən hadisə yerinə çatmağa az qalmış bir qarğa birdən-birə havadan asılı qalıb irəli uçmaqdan imtina etdi. Can yanğısı gövdəsini sarmış quş havada parçalanmağı acından ölməkdən üstün tutmadı. Xeyirxah quş qır edib, ğ və r səslərinin birləşməsindən dilin tələffüs etməsi zor olan səsləri çıxarmaqla həmnövlərinin canına qorxu saldı. Onlar bir az qabağa, bir az dala geriləməklə havada var-gəl edib (ac quş üçün bu məyusluq və qorxu səhnəsi idi) təhlükədən can qurtarmaqdan ötrü gizlənməyi qət edib gəldikləri məkana döndülər. Bəlkə ən doğrusu budur: ölüm qorxusunun doğduğu İMTİNA!

    "Acından ölməmək üçün ət olmayan yerdə süd də bir nemətdir" qurd yeni qazılmış torpağı iki qabaq dırnaqları ilə eşəndə gəldiyi nəticə belə idi, qarğa isə hələ də ümidini xərcləməmişdi. O, küknar ağacının üstündə dimdik durub şadlığından qanadlarını paralel açmışdı. Qurd gözlərini zilləyib durmuş, əldə etdiyi şikarı parçalamağa çaba etməyəndə qarğa boğazına güc verib səsini başına atıb qartalın qulaq pərlərinə xoş olmayan hay-həşir qopartdı. Qurd geri çəkildi, budur asta addımlarla dal-dala gedir və gözləri açdığı ovuqda ilişib qalmışdı. O başını yırğalayıb daşların üzərindən hoppana-hoppana Dombadaşdan aşağı yol aldı və qarğa açılmış qanadlarını bir daha yummayıb pərvazlandı. Qurdun açdığı ovuğun üzərində bir neçə dəfə dövrə vurdu, getdikcə dövrələr kiçilir və aşağı enirdi. Tam zamanı idi, qartal bir göz qırpımında ağır gövdəsinə təkan verib ovuğa doğru şığıdı. O, büküldüyü bələk kəfəni olmuş vücudu dimdiyinə alıb havaya qalxanda bələk açılıb sübh mehində hava ilə rəqsə girdi. Qartal balalarına gətirdiyi yemdən məmnun idi və adəti üzrə daim ovun gözlərindən didməyə başlardı, lakin bu gözlər ondan imdad istədiyindən quş yemə dimdik vurmayır, balalarsa onun buyruğunu gözləyirdilər.

 

Eluca Atali

Eluca Atali

Medyabir Ajans yazar kadrosunda gündeme dair değerlendirmeleri ve özgün bakış açısıyla okurlarıyla buluşuyor.

Yazarın tüm yazıları